25.11.2022

Gecə yatmazdan öncə və səhər su içməyin faydaları

Su bütün canlı orqanizmlərin ən təməl ehtiyaclarından biridir. Yetərli miqdarda su içməsək bədənimizdə susuzluq yaranır. Bu da öz növbəsində bir çox xəstəliklər və narahatlıqlara gətirib çıxara bilər. Gecələr yatmazdan öncə və səhər yuxudan ayıldıqdan sonra su içməyin isə insan orqanizmi üçün xüsusi faydaları var.

 

Səhər oyandıqdan sonra su içmək;

İnsan bədəni tərləməsə belə tənəffüs yolu ilə də su itirdiyindən, gecələr itirilmiş bu su miqdarını səhər su içərək bərpa etmək lazımdır. Səhər acqarına su içmək zəiflik, yorğunluq və yuxudan oyanmaqda çətinlik kimi hallara qarşı özünüzü daha enerjili hiss etməyinizə kömək edəcəkdir.

Həmçinin səhərlər acqarına su içmək toxluq hissi yaratdığı üçün günlük kalori qəbulunuzu da 13-15% miqdarında azaldacaq və formada qalmağınıza yardımçı olacaqdır. Bu prosesi bir qədər də sağlam və sürətli etmək üçün suyunuza bir dilim limon ata bilərsiniz. Limonun yağ yandırma təsiri artıq piylərin əridilməsində əvəzsiz rol oynayır.

 

Gecə yatmazdan öncə su içmək;

Yatmazdan öncə su içmək bədənin susuz qalmasının qarşısını alır. Susuz bədəndə tərləmə prosesi ləng və zəif gedir. Lazımi miqdarda suyun qəbul etmək isə tərləyərək bədəndəki zərərli maddələrin uzaqlaşmasına kömək edir. Həmçinin orqanizmin istirahəti və bədənin tənəffüsünü yaxşılaşdırır.

Gecələr su içərkən bunu çox miqdarda etmək olmaz. Çox su içmək sidik ifrazını artıracaq. Nəticədə isə bu ehtiyacı qarşılamaq üçün yuxu bölünür, rejim pozulur. Hər gecə yarım və ya bir stəkan su içmək daha məqsədəuyğundur.

 

Bununla yanaşı olaraq içdiyiniz suyun keyfiyyətinə də xüsusi diqqət ayırmalısınız. “İçməli su necə olmalıdır?” adlı bloq yazımızı oxuya bilərsiniz.